×
A
A
A
Sazlamalar

Hesablama Palatasının əməkdaşları Tbilisidə təcrübə proqramında iştirak ediblər

Bakı, 24 iyul, AZƏRTAC

Hesablama Palatasının İcmal-analitik şöbəsinin aparıcı məsləhətçisi Tamerlan Yusif-zadə və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Malik Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Tbilisidə “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün “Şərq tərəfdaşlığı” ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Büdcə təhlili və IT auditi” mövzusu üzrə təcrübə proqramında iştirak ediblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramının iştirakçıları ilk olaraq Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili ilə görüşüb və proqram haqqında qısa məlumat verilib.
Təlimlər 5 gün ərzində Gürcüstan Dövlət Audit Ofisinin Büdcə və strateji təhlil şöbəsinin və IT auditi sektorunun əməkdaşları tərəfindən keçirilib.
Tədbir zamanı əvvəlcə Gürcüstan Dövlət Audit Ofisinin mandatı, strukturu, əsas fəaliyyət istiqamətləri, beynəlxalq və donor əlaqələri barədə məruzələr edilib, daha sonra büdcə planlaşdırılması və icrası mərhələlərində Dövlət Audit Ofisinin dövlət büdcəsinə dair hesabatlarının hazırlanması prosesində Dövlət Audit Ofisinin şöbələrində görülən işlər və həmin işlərin əlaqələndirilməsi ilə bağlı məlumat verilib. Müvafiq hesabatlar üzrə makroiqtisadi proqnozların, fiskal risklərin, dövlət büdcəsi gəlirlərinin və xərclərinin, maliyyə aktivlərinin idarə olunmasının, dövlət borcunun, ortamüddətli xərclər çərçivəsinin, proqram büdcəsinin təhlili ilə bağlı təqdimatlar edilib və hər bir istiqamət üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda, təlim çərçivəsində Dövlət Audit Ofisinin illik fəaliyyət hesabatı, audit planı və “Budget Monitor” adlı analitik veb portalı barədə ətraflı məlumat verilib.
Təlim proqramının digər istiqaməti IT auditi mövzusuna həsr edilib. Burada IT auditi ilə bağlı Gürcüstanın təcrübəsi üzrə məruzələr edilib, IT auditi zamanı həyata keçirilən prosedurlar və bu auditlərdə müəyyən edilən əsas tapıntılar barədə müzakirələr aparılıb.
Səfər zamanı Hesablama Palatasının əməkdaşları Dünya Bankı Tərəfindən maliyyələşdirilən “Gürcüstanda IT auditinin inkişafı” adlı layihənin bağlanış mərasimində də iştirak ediblər.

İqtisadiyyat 2019-07-24 10:53:00