×
A
A
A
Sazlamalar

Azərbaycanla Türkiyə kimya sənayesi məhsulları istehsalı üzrə birgə müəssisənin yaradılmasına dair müzakirələr aparıb

Bakı, 24 iyul, AZƏRTAC

Türkiyə şirkətləri Azərbaycandakı işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Ş.Mustafayev qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, yaradılan sənaye parkları barədə məlumat verən nazir Türkiyə şirkətlərini ölkəmizdəki işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib.
“ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin idarə heyətinin rəhbəri Mustafa Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparılıb.

İqtisadiyyat 2019-07-24 10:49:00