×
A
A
A
Sazlamalar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb

Bakı, 23 iyul, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyulun 23-də Komitədə könüllülük fəaliyyətinə cəlb edilmiş gənclərlə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən Komitə sədri dövlətin həyata keçirdiyi gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Könüllülük fəaliyyətinin əhəmiyyətini qeyd edən H.Hüseynova bildirib ki, könüllülük dövlətin maraqlarına xidmət edən təmənnasız fəaliyyət növü olaraq ölkəmizdə yüksək qiymətləndirilir.
Könüllülərin Dövlət Komitəsində böyük təcrübə və səriştə qazanacaqlarına əminliyini ifadə edən H.Hüseynova bu təcrübələrin onların əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını qeyd edib.
Könüllülər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirərək, bu təcrübəni gələcək fəaliyyətlərində istifadə edəcəklərini diqqətə çatdırıblar.
Sonda fəaliyyətini başa vuran könüllülərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, cari ilin əvvəlindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 33 və Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində isə 64 nəfər, ümumilikdə 97 nəfər könüllülük fəaliyyətinə cəlb edilib. Komitədə və onun struktur bölmələrində könüllülük fəaliyyəti ilə əlaqədar sənəd qəbulu davam edir.

Siyasət 2019-07-23 19:01:00