×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib

Bakı, 23 iyul, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) dəvəti ilə kitabxanalar, arxivlər və muzey əməkdaşları üçün UNESCO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, Eksperimental Arxeologiyanın İnkişafı üzrə Avropa İttifaqı (EXAR) və Ümumdünya İrs Şəbəkəsi Birliyinin üzvü, Qazaxıstanın Pavlodar Marqulan Mərkəzinin UMAY beynəlxalq elmi araşdırma laboratoriyasının rəhbəri, Azərbaycan ərazilərinin milli maraq və elmi prinsiplərə əsaslanan tədqiqatçısı kimi tanınan tarixçi, etnoqraf, arxeoloq, bərpaçı-rəssam Tatyana Krupa bir neçə mövzuda ustad dərsi, mühazirə və seminar keçirib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova rəhbərlik etdiyi müəssisənin son dövrdə kitabxana-informasiya sahəsində beynəlxalq təcrübə meydançasına çevrilməsi, burada akademik qurumlara kitabxana, sərbəst ensiklopedik resurslar, informasiya texnologiyaları üzrə müxtəlif formatlı təlimlər keçirilməsi barədə məlumat verib.
“Qəzetlərin rəqəmsallaşmadan öncə konservasiyası – əgər bərpa emalatxanası yoxdursa” adlı təqdimatında Tatyana Krupa dövri mətbuat materialları, sənədləri və köhnəlmiş qəzetlərin rəqəmsallaşmadan əvvəl sənədləşdirilməsi, fiziki-kimyəvi vəziyyətinin yoxlanılması, bərpa üçün hazırlanması, dezinfeksiyası, profilaktikası qaydaları və normaları, eləcə də rəqəmsallaşma zamanı ortaya çıxan problemlər və bu prosesin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan beynəlxalq standartlar və şəxsi təcrübəsi haqqında danışıb. Tədqiqatçı bu sahədə müasir texnologiyaların tətbiq olunmasına baxmayaraq, görülən işin daha effektiv nəticə verməsi üçün insan amilinin və əl həssaslığının önəmindən bəhs edib. Alim, həmçinin zamanın təsirinə məruz qalmış qəzetlərin bərpası prosesini praktik olaraq nümayiş etdirib.
Sonra “Arxeoloji tekstilin təmizlənməsi və plastifikasiyası” mövzusunda təqdimat keçirilib. Təqdimatda arxeoloji qazıntılar zamanı tapılan toxuculuq məmulatlarının təmizlənməsi və konservasiyası, liflərin identifikasiyası və mikroskopik analizinin aparılmasına dair bu sahənin mütəxəssislərinin təcrübəsindən bəhs edilib. Arxeoloji məmulatların hava, rütubət və digər kənar təsirlərdən mühafizəsi məqsədilə plastifikasiyası metodlarından danışılıb.
Daha sonra Tatyana Krupa “V.N.Karazin adına Xarkov Milli Universitetinin Mərkəzi Elmi Kitabxanasının Fondu tərəfindən Osmanlı dəftərlərində mürəkkəbin araşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Osmanlı dəftərlərinin informasiya daşıyıcısı olaraq tarixi əhəmiyyətindən danışıb. Osmanlı imperiyasının tərkibində olan ölkələrin sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından bu dəftərlərin mənbə kimi unikal xarakter daşıdığını vurğulayıb.
Tatyana Krupa Osmanlı arxivlərində rəsmi sənədlərin uzunmüddətli qorunub saxlanılması üçün xüsusi tərkibdə mürəkkəbdən istifadə edildiyini bildirib. Qeyd edib ki, türk dəftərxanalarında sənədlərin mürəkkəbinin tədricən solması probleminin yaranmaması üçün Osmanlı hərbi məmurları yalnız yerli türk mürəkkəblərinin istifadə edilməsi üzrə göstəriş veriblər.
Məruzəçi universitet kitabxanasının Osmanlı dəftərlərində mürəkkəbin araşdırılması istiqamətində tədqiqatından söz açıb. Bildirib ki, Xarkov Milli Universitetində çalışdığı müddətdə dünya şərqşünaslıq elminə töhfə olaraq Osmanlı dəftərlərinin tədqiqinə dair mühüm nəticələr əldə edib.
Tatyana Krupa Osmanlı dəftərlərinin xüsusi möhürlənmə qaydası, müxtəlif tarixi dövrlərə aid dəftərlərin mürəkkəbinin mikroskopik analizi və s. istiqamətdə ukraynalı mütəxəssislərlə birgə apardığı tədqiqatlardan bəhs edib. Alim, həmçinin mürəkkəbin araşdırılması sahəsində tanınmış həmkarlarının tədqiqatlarındakı qeyri-dəqiq məqamlara toxunub. Bu sahənin daha dərindən araşdırılmasının zəruriliyini vurğulayıb. Dəftərlərin əlyazma mətnlərinin tədqiqi, onların müxtəlif dillərə tərcüməsi və nəşrini dünya osmanistikası qarşısında duran mühüm vəzifələrdən biri kimi qiymətləndirib.

Elm və təhsil 2019-07-23 18:19:00