×
A
A
A
Sazlamalar

Dövlət qulluğu vəzifələri üzrə müsahibənin keçirilmə qaydalarına dair təlim təşkil olunub

Bakı, 23 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Xədicə Əzimova və Elnur Abbasov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi və DİM-in əməkdaşları, həmçinin müsahibələrə müstəqil ekspert qismində cəlb olunacaq nümayəndələr iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə müsahibə üçün xarakterik xüsusiyyətlər, müsahibənin məqsədi, strukturu, keçirilmə qaydaları, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verilib. Təlim iştirakçıları, həmçinin müsahibə komissiyasının reqlamenti, komissiyanın tərkibinin formalaşdırılması, müsahibə ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələblərinə və müsahibə proqramına uyğun suallar verilməsi, sualları və tapşırıqları verərkən müəyyənləşdirilmiş vaxt bölgüsünə əməl edilməsi barədə məlumatlandırılıb. Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə təlimatların və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılma qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat nümayiş etdirilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2019-07-23 18:01:00