×
A
A
A
Sazlamalar

İlin sonuna “Azərkosmos”un gəlirlərinin 45 milyon dollar olacağı proqnozlaşdırılır

Bakı, 23 iyul, AZƏRTAC

“Azərkosmos” ASC bu ilin birinci yarısında 20 ölkəyə telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə 21,2 milyon ABŞ dolları gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 47 faiz çoxdur. İlin sonuna gəlirlərin 45 milyon dollar olacağı nəzərdə tutulur.
ASC-dən AZƏRTAC-a bildirilib ki, gəlirin 90 faizi peyk xidmətlərinin ixracından əldə olunub. Xidmət ixracının həyata keçirildiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, Almaniya və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Ümumilikdə ilin birinci yarısında əlavə olaraq 9 ölkədən olan yeni müştərilərlə müqavilələr rəsmiləşdirilib. Peyklər vasitəsilə yayımlanan 150-dən çox televiziya və radio kanalının ümumilikdə 20 milyondan artıq auditoriyası var.
“Azerspace-2” peykinin bu ilin fevralında baş tutan uğurlu biznes startı ilə “Azərkosmos” regional peyk xidmətləri bazarında artıq etibarlı və özünü təsdiq etmiş peyk xidmətləri operatoru mövqeyi qazanıb. Yeni peyk “Azərkosmos”a ABŞ, BƏƏ və Tanzaniyadan olan yeni müştərilərə xidmət göstərmək imkanı yaradıb.
Azərbaycan da daxil olmaqla Baltikyanı, Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan 13 ölkənin qurumları “Azersky” – Yer səthinin məsafədən müşahidəsi peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və xəritəçəkmə, ekoloji layihələndirmə, torpaqların təyinatı və monitorinqində istifadə ediblər.

İKT 2019-07-23 14:58:00