×
A
A
A
Sazlamalar

Dunay çayı antibiotiklərlə çirkləndirilib

Budapeşt, 21 iyul, AZƏRTAC

Dunay çayı daha çox antibiotiklərlə çirkləndirilmiş hesab edilir. Bu da çayın sahillərində dincələn turistlərin sağlamlığı üçün təhlükə mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu qənaətə 72 ölkənin çaylarında tədqiqat aparan və 711 su nümunəsi götürən Helsinki alimləri gəliblər. Alimlərin məruzəsində deyilir ki, Dunay çayının Avstriya hissəsində müxtəlif növ antibiotiklərin, o cümlədən sətəlcəm və bronxitə qarşı istifadə edilən klaritromitsinin olması müəyyən edilib. Kimyəvi maddələrin qatılığı yol verilən həddi dörd dəfə üstələyib. Tədqiqatda bildirilir ki, bu maddələr çayların yaxınlığında çirkab sularının tam təmizlənməməsi səbəbindən sututarlara düşür. Təkcə Avropada çayların 8 faizində, o cümlədən Dunayda antibiotiklərin təhlükəsiz səviyyəsi yol verilən həddi aşıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-07-21 23:27:00