×
A
A
A
Sazlamalar

“YUĞ” Teatrının şimal rayonlarına qastrolu başa çatıb

Bakı, 21 iyul, AZƏRTAC

“YUĞ” Dövlət Teatrının Şamaxı, Quba, Xaçmaz, İsmayıllı rayonlarına qastrolu başa çatıb.
AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı heyəti qastrolda repertuarda xüsusi yer tutan “Sonuncu” tamaşası ilə çıxış edib.
Yazıçı Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımov, qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edib.
A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar.
Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Əsərdə ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Mədəniyyət 2019-07-21 05:11:00