×
A
A
A
Sazlamalar

Ağ evdə Türkiyə ilə bağlı xüsusi iclas keçiriləcək

Bakı, 20 iyul, AZƏRTAC

The Washingon Post qəzeti ABŞ Prezidenti Donald Trampın Türkiyədən S-400 zenit-raket kompleksləri alan Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi məsələsini müzakirə etmək üçün iyulun 23-də respublikaçı senatorları Ağ evə dəvət etdiyini yazıb.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, qəzetin əməkdaşları ABŞ-ın dövlət başçısının imzası olan və Türkiyəyə qarşı sanksiyaların müzakirə olunacağını bildirən dəvətnamənin surətini əldə ediblər. Qeyd olunur ki, ötən həftə raketlərin hissələrinin Rusiyadan Türkiyəyə gətirilməsindən sonra Pentaqon Ankaranı F-35 beşinci nəsil qırıcı təyyarələr proqramından çıxarıb və Prezident Tramp Ankaraya qarşı sanksiyaların tətbiq olunması imkanlarının araşdırıldığını bəyan edib. Bəzi respublikaçı senatorlar Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edilməsinin tərəfdarıdır. Onların başında Floridadan olan senator Rik Skott və İndianadan olan senator Todd Yanq gəlirlər. Ankaraya sanksiyalar tətbiq edilməsinə dair qanun layihəsi də məhz bu siyasətçilərin rəhbərliyi ilə hazırlanıb. Sənəddə bildirilir ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə yaradır. Qanun layihəsinin qəbul edilməsi Ankaraya qarşı “ABŞ-ın düşmənləri ilə sanksiyalar yolu ilə mübarizə Qanunu” (CAATSA) çərçivəsində bütün sanksiyaların tətbiq edilməsi ilə nəticələnə bilər. Bundan başqa, amerikalı senatorlar Türkiyənin NATO-da üzvlüyünün müzakirə olunması üçün Şimali Atlantika blokundan təcili iclas çağırılmasını tələb etmək niyyətindədirlər.

Dünya 2019-07-20 18:20:00