×
A
A
A
Sazlamalar

Dövlət Gömrük Komitəsinin məlumatı

Bakı, 20 iyul, AZƏRTAC

Bir sıra kütləvi informasiya vasitələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda sahibkara maneə yaradıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Məlumatda Azərbaycan vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların “Qırmızı Körpü” gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.
“Dövlət Gömrük Komitəsi vurğulayır ki, S.Nağıyev cari il mayın 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefon gətirib və həmin malların dəyərinin 32 min 100 ABŞ dolları olduğunu bildirib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 min 80 dollar təşkil etdiyi müəyyən olunub və bu barədə S.Nağıyevə məlumat verilib. Buna etiraz edən S.Nağıyev şikayət ərizəsi ilə Dövlət Gömrük Komitəsinə müraciət edib. Müraciətin araşdırılması prosesində S.Nağıyev dəfələrlə Dövlət Gömrük Komitəsinə dəvət edilsə də, o edilən müraciətə məhəl qoymayaraq komitəyə gəlməkdən boyun qaçırıb.
İyunun 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 min 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Aparılan araşdırma zamanı S.Nağıyev və onun idxal etdiyi mallara münasibətdə gömrük orqanları və onun əməkdaşlarının qanun pozuntusuna, kobud və ya qeyri-etik davranışa yol vermədiyi müəyyənləşdirilib”, - deyə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd edilir.

 

İqtisadiyyat 2019-07-20 18:18:00