Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kürdəmirdə taksi sürücüsünə 16 bıçaq zərbəsi vuraraq quldurluq edən dəstə üzvləri saxlanılıblar VİDEO

Bakı, 20 iyul, AZƏRTAC

Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı törədilən quldurluq hadisəsinin üstü polis əməkdaşlarının peşəkarlığı sayəsində qısa zamanda açılıb. Cinayəti tərədən şəxslər saxlanılaraq istintaqa təqdim ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən üç nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetirib. Sürücü ona hücum edən şəxslərdən canını qurtarmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.
Hadisə barədə məlumat daxil olan kimi Kürdəmir Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların məqsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərlərində olan kəsici alətlərlə sürücüyə hücum edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədi ilə sürücüyə yaşadıqları rayonun ərazisində yox kənarda hücum edərək quldurluq cinayəti törədiblər.
Saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər. Hadisə zamanı bıçaq xəsarəti alan Yaşar Səmədov üzləşdiyi cinayətin qısa zamanda açılmasını təmin etdiyi üçün polis əməkdaşlarına təşəkkürünü bildirib.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları dəstə üzvlərinin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili işlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və ya Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.

 

Hadisə 2019-07-20 17:46:00

Video