×
A
A
A
Sazlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib

Bakı, 20 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib. Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısının daha bir təzahürü kimi, Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzdə qəbul və qeydiyyat, tibbi reabilitasiya, sosial reabilitasiya və tədris şöbələri fəaliyyət göstərir. Uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşəyönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir.
Nazir Mərkəzdə tətbiq olunan fizioterapevtik müalicə prosedurlarını nəzərdən keçirib, uşaqların sosial, tədris-peşə reabilitasiyası tədbirlərinə cəlb olunması vəziyyəti ilə yaxından tanış olub. Müalicəvi bədən tərbiyəsi, masaj, hovuz müalicəsi, psixoterapiya, əmək və musiqi terapiyası, loqoped xidməti və s. istiqamətlərdə uşaqlarla aparılan işlər nəzərdən keçirilib.
Müəssisənin kollektivinə müvafiq tapşırıqlarını verən nazir sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideynləri ilə də görüşüb. Tətbiq olunan bərpa müalicəsi prosedurları, göstərilən xidmətlərlə bağlı onların fikirlərini öyrənib.
S.Babayev görüşdə reabilitasiya sisteminin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bərpa infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi üçün aparılan işlərdən bəhs edib. O, bu ildən başlayaraq ölkəmizin bir sıra regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanılacağını bildirib.

Sosial 2019-07-20 11:25:00