×
A
A
A
Sazlamalar

Vergi könüllülərinə sertifikatlar verilib

Bakı, 20 iyul, AZƏRTAC
Vergilər Nazirliyinin ayrı-ayrı strukturlarında könüllü kimi fəaliyyət göstərən gənclərlə görüş keçirilib və onlara sertifikatlar verilib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Vergilər nazirinin müşaviri Elçin Məmmədov son dövrlərdə ölkədə könüllülük hərəkatının geniş vüsət almasını müsbət hal kimi dəyərləndirib, vergi orqanlarında da belə gənclərə yer ayrılmasının onlar üçün bir stimul olacağını vurğulayıb: "Vergi sistemi bir qədər fərqli sahə olduğundan burada işləmək, yenilikləri öyrənmək üçün insanın özünün marağı və həvəsi olmalıdır. Ona görə biz də çalışdıq ki, könüllü gəncləri bu sahəyə cəlb edərək işimizin maraqlı tərəflərini onlara göstərək. Bu, həm də gənclərə gələcəkdə sevdikləri peşə sahəsində işləməyə imkan verə bilər".
Bildirilib ki, Vergilər Nazirliyinin strukturlarında könüllü kimi çalışmaq üçün ilkin mərhələdə 30 gənc müraciət edib. Onlardan 19-u bu istəklərini gerçəkləşdirərək xidmət mərkəzlərində birbaşa vətəndaşlarla ünsiyyətdə olublar. Həmin gənclərdən 10-u könüllü kimi fəaliyyətini davam etdirəcək. Bundan əlavə, 60-dək gənc də vergi orqanlarında könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edib.
Görüşdə könüllülərə vergi orqanlarında işə qəbul olmağın qaydaları da izah edilib. Tədbirdə çıxış edən könüllülər fəaliyyətləri dövründə qazandıqları təcrübəni bölüşüblər. Sonda onlara sertifikatlar təqdim edilib, gələcək işlərində uğurlar arzulanıb.
Həmçinin diqqətə çatdırılıb ki, artıq bununla bağlı nazirliyin rəsmi saytında ayrıca bölmə yaradılıb. Könüllü kimi vergi orqanlarında çalışmaq istəyən şəxslər həmin səhifədən ətraflı məlumat ala bilərlər.

Maliyyə 2019-07-20 10:58:00