×
A
A
A
Sazlamalar

Şlyaxtin: yüngül atlet Violetta İqnatyeva Olimpiya festivalında bayraqdar roluna layiqdir

Bakı, 19 iyul, AZƏRTAC
Yüngül atlet Violetta İqnatyeva Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimində Rusiya yığmasının bayraqdarı roluna layiqdir. Rusiya Yüngül Atletika Federasiyasının mətbuat xidməti bildirir ki, bu sözləri federasiyanın rəhbəri Dmitri Şlyaxtin deyib.
Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-dək Bakıda təşkil olunacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 17 yaşlı İqnatyeva disk atma növündə 18 yaşadək yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyinin qalibi və Yeniyetmələrin Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Şlyaxtin deyib: “Rusiyanın yüngül atletikası üçün bu, böyük şərəf və əlbəttə ki, məsuliyyətdir. “İdmanın kraliçası” üçün asan olmadığı vaxtda yüngül atletin ölkə bayrağını aparması bizim üçün belə mühüm və əlamətdar anda bu idman növünə göstərilən əlavə diqqətdir. Violetta özünün qələbələri, əməyi, işə münasibəti və yüngül atletikaya olan sadiqliyi ilə sübut etdi ki, o, buna layiqdir. Mən açılış mərasimini, yayımı izləyəcəyəm. Əminəm ki, Rusiyanın bayrağını daşıyan Violettanı görən bütün rusiyalı yüngül atletlər bizim idman növünə görə bir daha fəxr edəcəklər”.
Daha əvvəl xəbər verilmişdi ki, rusiyalı yüngül atletlər Bakıda milli bayraq altında çıxış edəcəklər. Rusiya Yüngül Atletika Federasiyasına 2015-ci ilin noyabrında tətbiq edilən sanksiyalara görə yerli yüngül atletlər beynəlxalq yarışlarda neytral bayraq altında mübarizə aparırlar.

İdman 2019-07-19 20:20:00