×
A
A
A
Sazlamalar

® Gənclər regionların sahilyanı ərazilərini təmizləyib

İyulun 5-8-də Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə elan olunan 1-ci qrant müsabiqəsinin qalibi Orxan Qədirovun təşkilatçılıq etdiyi “İxtisaslı təmizlik aksiyaları” layihəsi uğurla həyata keçirilib. Layihənin keçirilməsində əsas məqsəd gənclərin birbaşa olaraq təmizlik aksiyalarında iştirak etməsi və ayrılan ərazilərin tam və ixtisaslı şəkildə təmizlənməsi idi.

Digər mütəmadi olaraq keçirilən təmizlik aksiyalarından fərqli olaraq bu layihədə diqqət iştirakçıların kütləviliyi və mesajın otürülməsinə deyil, bilavasitə olaraq təmizliyin həyata keçirilməsi və ixtisaslı şəkildə buna yanaşma əsas məqsəd olaraq seçilib. Belə ki, iştirakçılar sadəcə elanı görmüş könüllü kütlələr deyil, xüsusi olaraq dəvət olunmuş gənclər qrupu idi. Bunların içərisində əsasən ictimai fəaliyyəti ilə seçilən gənclər idi. İştirakçıların seçimlərinin həyata keçirilməsində “Green Baku” təşkilatı yaxından yardımçı olub.
Layihə Xəzər dənizinin Salyan və Şirvan zonasına düşən sahillərini əhatə edib. Xüsusi seçim vasitəsilə seçilən 15 nəfərlik gənclərdən ibarət qrupa verilən ərazi üzrə təmizlik aksiyası keçirmək tapşırığı verilib. Layihənin müsbət cəhətlərindən biri də həmin gənclərin sonradan təmizlənən ərazidə qalıb istirahət etməsi və edilən fəaliyyətləri müzakirə üçün də şəraitin yaradılması olub. Belə ki, hər gün iştirakçılar xüsusi təmin olunmuş çadır və yataq döşəklərinin köməkliyi ilə həmin təmizlənmiş dəniz sahillərində gün keçirə bilərdi. Layihənin nəticəsi olaraq 4 kilometrə yaxın dənizkənarı ərazi təmizlənib. Ərazilərin xüsusi qorunduğunu nəzərə alaraq təmizliyin davamlı xarakter alacağı və uzun müddət təmiz saxlanacağı dəqiqdir.
Qeyd edək ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə yalnız həyata keçirilən ərazidə deyil, həm də sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb, paylaşılan şəkillər və sosial şəbəkələrdə yayılan materiallar minlərlə izləyici tərəfindən izlənib.

Cəmiyyət 2019-07-19 19:41:00