×
A
A
A
Sazlamalar

Finlandiyada Atom Elektrik Stansiyasının növbəti bloku işə salınacaq

Stokholm, 19 iyul, AZƏRTAC

Finlandiyanın “Teollisuuden Voima Oyj” (TVO) şirkəti 2020-ci ilin iyulunda “Olkiluoto 3” Atom Elektrik Stansiyasının elektrik enerjisi istehsalına başlayacağını bəyan edib.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, “TVO” şirkəti 2020-ci ilin yanvarında reaktorun tikintisi ilə məşğul olan “Areva-Siemens” konsorsiumunun nüvə yanacağının reaktora yükləyəcəyini bəyan etdiyini bildirib. Enerji sisteminə ilk qoşulma isə 2020-ci ilin aprelində baş tutacaq. Öz növbəsində, yeni AES-də elektrik enerjisinin müntəzəm istehsalı 2020-ci ilin iyulunda gözlənilir.
Qeyd edək ki, yeni reaktor Baltik dənizinin Botnika körfəzi sahillərində, Eurayoki kommunasına daxil olan Olkiluoto adasında yerləşir. Yeni reaktorun tikintisinin artıq on illərdir qrafikdən geri qalması ictimai müzakirələrin bir hissəsinə çevrilib. Əvvəlcə Olkiluoto AES-in üçüncü blokunun kommersiya istismarına 2010-cu ildə buraxılacağı gözlənilirdi. Lakin nəticədə istismara buraxılma tarixləri 2013-cü, 2015-ci və 2018-ci illərə dəyişdirildi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Fransada, Flamanvildə yerləşən “EDF” fransız kommunal şirkəti üçün tikinti mərhələsində olan analoji reaktor da qrafikdən bir neçə il geri qalır və bir sıra ciddi texniki problemlər ucbatından büdcəni milyardlarla üstələyir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2019-07-19 17:32:00