×
A
A
A
Sazlamalar

Azərbaycanda şərabçılıq üçün vacib yerli üzüm sortlarının əkin materialları mikroklonal üsulla çoxaldılacaq VİDEO

Quba, 19 iyul, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda şərabçılıq sahəsində milli brendlərin inkişafına imkan verən xammal bazasının formalaşması məqsədilə yeni tədqiqatların aparılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanacaq. Vaxtilə dünyada şöhrət qazanan yüksək keyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm sortları mütəxəssislər tərəfindən labaratoriya şəraitində mikroklonal üsulla çoxaldılacaq.
İnstitut əməkdaşlarının birgə müzakirələrində bildirilib ki, labaratoriyada hazırlanan saglam, virusdan azad əkin materialları daha sonra üzüm tingləri istehsal olunan modern tingçilik sahəsinə köçürüləcək. Həmin tingçilik təsərrüfatının Şamaxı rayonu ərazisində 30 hektar sahədə yaradılması nəzərdə tutulub. Gələcəkdə burada yetişdirilən və xaricidən gətirilən sortlardan daha məhsuldar olan üzüm tingləri fermerlərə ucuz qiymətə satılacaq.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Vüqar Səlimov bildirib ki, son dövrlər ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına xüsusi diqqət yetirilir. Üzümçülük ölkə iqtisadiyyatının inkişafında prioritet sahələrdən sayıldığından dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Bu sahədə hüquqi bazanın yaradılması və münasibətlərin tənzimlənməsi məqsədilə ardıcıl olaraq dövlət proqramları qəbul olunub. Hazırda “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla həyat keçirilir. Dövlət proqramlarında üzüm sahələrinin artırılması, şərabçılıq sahəsndə ixrac potensialının yüksəldilməsi və bir sıra mühüm məsələlər öz əksini tapıb.
“Respublkamızda şərabçılıq sahəsndə ixrac potensialının yüksəldilməsində milli brendlər xüsusi yer tutur. Dünya bazarına rəqabətqabilyyətli məhsul çıxarmaq üçün milli brendlərin istehsalı vacibdir. Brendlərin istehsalında isə müasir texnalogiyalarla yanaşı xammal bazası da əsas rol oynayır. Vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli məhsulların istehsal olunduğu nadir yerli üzüm sortları xammal bazasının əsasını təşkil etməlidir. Bura “Bayanşirə”, “Şirvanşahı”, “Mədrəsə”, “Xindoqnı”, “Mələyi”, “Aldərə” və sairə sortlar aiddir”, -deyə V.Səlimov bildirib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, yerli emal müəssisələrini dədə-baba üzüm sortlarından alınan məhsullara təmin etmək lazımdır ki, yüksək keyfiyyətli şərablar istehsal olunsun. Həmin sortların isə ənənəvi üsullarla çoxaldılması çətindir. Bu səbəbdən də istehsalçıların tələblərini ödəmək üçün həmin üzüm sortlarının müasir biotexnoloji üsullardan istifadə etməklə artırmağa qərar verilib. Həmin sortlar mikroklonal üsulla çoxaldılacaq və fermerlər əkin məhsulları ilə təmin ediləcək.
“Azərbaycanda 16 min hektar üzüm bağı mövcuddur. Dövlət proqramına əsasən 50 min hektar yeni üzüm bağlarının salınması nəzərdə tutulub. Bu bağların salınması zamanı fermerlərin əkin materialları ilə təmin edilməsində Şamaxıda yaradılacaq tingçilik təsərrüfatı böyük rol oynayacaq”, - deyə İ.Qurbanov deyib.
Müzakirələrdən sonra iki institut arasında qarşılıqlı əməkdaşlıq haqqında sənədlər imzalanıb.
Daha sonra mütəxəssislər biotexnologiya laboratoriyasında bitkilərin mikroklonal üsulla çoxaldılması prosesini izləyiblər.
Laboratoriyada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 yeni bitki alınır. Laboratoriyanın beynəlxalq standartlara cavab verən avtomatik işıqlandırma, suvarma, havalandırma sistemləri ilə təmin edilmiş istixanası da quraşdırılıb. Qarşıdakı iki-üç il ərzində isə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda gen mühəndisliyi sahəsində mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Regionlar 2019-07-19 16:17:00

Video