×
A
A
A
Sazlamalar

Azərbaycan Banklar Assosiasiyası və “Visa Inc.” birgə maarifləndirici tədbirlər keçirəcək

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Visa Inc.” beynəlxalq kart təşkilatı birgə maarrifləndirici xarakterli tədbirlər təşkil edəcək.
ABA-dan AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Yunus Abdulov və “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri ilə “Visa Inc.” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib.
ABA-nın icraçı direktoru Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ödəniş kartları ilə əməliyyatların aparılmasının dayandırılmasına görə “Visa Inc.” beynəlxalq kart təşkilatının nümayəndələrinə təşəkkürünü bildirib.
Görüşdə rəqəmsal transformasiyanın genişləndirilməsi, iqtisadiyyatda nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində ABA və quruma üzv banklar tərəfindən görülən işlər, həyata keçirilən birgə layihələr müzakirə edilib.
“Visa Inc.” beynəlxalq kart təşkilatının dəstəyi ilə keçirilən “Fintex” Sammitin uğurunu nəzərə alaraq onun növbəti illərdə də daha geniş miqyasda keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
“Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən Azərbaycanda rəqəmsallaşma, nağdsız iqtisadiyyatın formalaşması, nağdsız ödənişlərin, eyni zamanda, ödəniş kartlarında nağdsız əməliyyatların aparılması üzrə istifadənin sürətləndirilməsi, bazarda tətbiq edilə biləcək yeni layihələr barədə məlumatlar verilib və bu istiqamətdə öz fikirlərini bölüşüblər.
Görüşün sonunda ABA və “Visa Inc.” beynəlxalq kart təşkilatının arasında əməkdaşlığın davam etdirilməsi, birgə maarifləndirici xarakterli tədbirlərin keçirilməsi qərara alınıb.

Maliyyə 2019-07-19 16:01:00