Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Almaniyanın “Reutlinger Anzeiger” qəzeti Azərbaycandakı alman irsindən yazır

Berlin, 19 iyul, AZƏRTAC

Almaniyanın “Reutlinger Anzeiger” qəzetində Azərbaycandakı alman irsinə həsr olunmuş “Qafqazda Roytlingen izləri” adlı məqalə dərc edilib. Müəllifi Renate Föll olan məqalədə 200 il öncə Almaniyadan Azərbaycana köç edən almanlar arasında Roytlingenli (Reutlingen) almanların da olduğu bildirilir. Roytlingendən olan almanların öz əcdadlarının vətənini ziyarət etmək məqsədilə Qafqazda keçirilən yubiley tədbirlərinə qatılmaq üçün Azərbaycana səfər etdikləri qeyd olunur.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Göygöl rayonu haqqında məlumat verilir, onun vaxtilə Helenendorf adlandırılan alman koloniyasının əsasında qurulduğu vurğulanır. Rayonun eyni adlı mərkəzində 20 min sakinin yaşadığı, onların böyük bir qismini Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən gələn məcburi köçkünlərin təşkil etdiyi nəzərə çatdırılır. Burada artıq almanların yaşamadığı, onların Stalin tərəfindən 1941-ci ildə deportasiya olunduğu bildirilir.
Şəhərdə almanlara məxsus arxitektura əsasında inşa edilmiş evlərdən söz açılır, onlara xas olan səciyyəvi arxitektura təsvir edilir. Burada 1857-ci ildə yeni qotik üslubda inşa edilmiş evangelik kilsənin mövcud olduğu qeyd olunur. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin kilsənin bərpasına töhfə verdiyi vurğulanır. Azərbaycan hökumətinin alman arxitektura nümunələrinin qorunub saxlanılması istiqamətində böyük işlər gördüyü nəzərə çatdırılır.
Səfər edən qrupun tərkibində öz əcdadlarının ikinci vətənini ziyarət etmək istəyən almanların olduğu, onların bundan öncə də Azərbaycana səfər etdikləri, onların bəzilərinin Azərbaycanda məskən salmış Forer, Kehrer və Hurr kimi məşhur alman ailələrinin törəmələri olduğu bildirilir.
Məqalədə Helenendorf irsi ilə məşğul olan Berlin Humboldt Universitetinin Azərbaycan Tarixi Kafedrasının rəhbəri professor Eva Mariya Aux tərəfindən turistik bələdçinin hazırlandığı və buraya gələn almanlara məlumat verdiyi qeyd olunur.
Yazıda Yulius və Hermine Forerin evi haqqında məlumat verilir, evdə regional muzeyin qurulduğu, onların nəvəsi və nəticəsinin hazırkı qrupun tərkibində öz əcdadlarının evini ziyarət etdiyi bildirilir. Qrup üzvlərinin əllərində plan ilə alman evlərini ziyarət etdikləri, və öz əcdadlarının evləri ilə tanış olduqları vurğulanır. Qizela Rasperin öz əcdadlarına məxsus olan Fottelerlərin evini tapdığı, evin indiki sakinlərinin onu səmimi qəbul etdiklərini və səfərləri zamanı evi ziyarət etdiyi diqqətə çatdırılır.
Alman Kristof Forerin (Christoph Vohrer) nəvəsi olan, hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Marianna Rıbkin və onun oğlu Mixailin öz əcdadlarının evini ziyarət etdikləri vurğulanır. Mariannanın anası Elizabet Malzevin 1906-cı ildə dünyaya gəldiyi və Kristof Forerin qızı olduğu bildirilir. Onun 1979-cu ildən etibarən mütəmadi olaraq öz əcdadlarının vətəni olan Roytlingenə səfər etdiyi və nəhayət orada məskən saldığı qeyd olunur. Onların ilk dövrlərdə Azərbaycana səfər edə bilmədikləri, lakin xatirələrində uşaq olarkən Çilli adlı atla və atasının ona hədiyyə etdiyi xəncərlə Göygöldə at çapdığı günləri, axşamlar evlərdən gələn musiqi səslərini yad etdiyi bildirilir. İndi isə Marianna və onun oğlu Mixailin Kristof Forerin evini axtardıqları və axtarışlarının uğurla nəticələndiyi vurğulanır.
Almanların Azərbaycanda məskən salmasının 200 illik yubileyi münasibətilə Göygöl rayonunda tədbirlərin keçirildiyi, rayon icra hakimiyyətinin başçısı Arif Seyidov və Roytlingenin mədəniyyət bölməsinin rəhbəri Verner Ströbelenin iştirak etdiyi tədbirdə Azərbaycandakı alman irsinin qorunub saxlanılması istiqamətində görülən işlərdən söz açıldığı, regionda məskən salmış almanlar arasında 22 Roytlingenli ailənin də olmasının bildirildiyi nəzərə çatdırılır. Verner Ströbelenin tədbirdə çıxış edərək 22 Roytlingenli ailənin hazırkı Göygölün salınmasında iştirak etdiyini, hər Roytlingenlə Göygöl arasında xüsusi bağın olduğunu, bunun onları birləşdirdiyini, hər iki şəhərin Helenendorf və onun sakinlərinin tarixi irsini qoruyub saxlamağa çalışdığını söylədiyi bildirilir.
Tədbirin növbəti günü qrupun Göygöldəki alman qəbiristanlığını ziyarət etdiyi və öz əcdadlarının yad etdikləri bildirilir. Məzarların bəzilərinin üzərindəki yazılar təsvir edilir və onlardan bəzilərinin rus dilində tərcüməsinin də olduğu qeyd olunur. Məqalədə Azərbaycanda sonuncu alman hesab edilən Viktor Klayndan söz açılır, onun 1936-2007-ci illərdə yaşadığı qeyd olunur. Onun öz evini Almaniyanın Azərbaycandakı səfirliyinə hədiyyə etdiyi və evin əsasında muzeyin yaradılmasının nəzərdə tutulduğu diqqətə çatdırılır.
Qrupun qəbiristanlıqdan sonra şəhərin mərkəzinə gəldiyi, yubiley tədbirləri münasibətilə buradakı Yohannes kilsəsində bayram ayininin keçirildiyi vurğulanır. Kilsənin sovetlər dönəmində idman zalı kimi istifadə olunduğu, hazırda burada keçirilən tədbirlərin və dinin ayinlərin alman və rus dillərində təşkil olunduğu diqqətə çatdırılır. Dini ayinin 200 il öncə Azərbaycana köç etmiş Vürtemberq almanlarına həsr edildiyi qeyd olunur.
Məqalədə Göygöl rayonunun ərazisində yerləşən alman irsini əks etdirən şəkillər yerləşdirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbir
Berlin

Mədəniyyət 2019-07-19 15:32:00