Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İşçilərin distant və ya teleiş formasında çalışmasının hüquqi əsasları yaradılır

Bakı, 19 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin distant (məsafədən) və ya teleiş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması istiqamətində işlər aparır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk növbədə, Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına “Distant (məsafədən) iş – əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və “Teleiş – əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi nəzərdə tutulur. Yeni anlayışların daxil edilməsi ilə əlaqədar Məcəllənin 4-cü maddəsinin 2-ci hissəsinin və 55-ci maddəsinin də təkmilləşdirilməsi təmin ediləcək.
Qeyd edək ki, bu sahədə işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il sentyabrın 20-də verdiyi Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planına əsasən aparılır. Həmin Tədbirlər planında teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması tədbiri də öz əksini tapıb.

Sosial 2019-07-19 15:12:00