×
A
A
A
Sazlamalar

Qəbələ rayonunun Nic qəsəbəsində “Tolerant Azərbaycan” adlı konfrans keçirilib

Qəbələ, 19 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Bu gün ölkəmizdə mövcud olan tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir. Azərbaycan dünyada tolerantlığın məkanıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun Alban-Udi Xristian dini icması ilə birgə iyulun 19-da Qəbələ rayonunun Nic qəsəbəsində keçirdiyi “Tolerant Azərbaycan” adlı konfransda səsləndirilib.
“Alban-Udi Ocağı”nda keçirilən tədbirdə dini icmaların üzvləri, Nic qəsəbəsinin sakinləri, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri Qəbələ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov açaraq ölkəmizdəki tolerantlığın tarixindən və müxtəlif xalqların, dinlərin nümayəndələrinin Azərbaycanda dostluq şəraitində yaşamasından bəhs edib.
Fondun icraçı direktor müavini Rəfi Qurbanov çıxışında bildirib ki, tolerantlıq sözünün hərfi mənası dözümlülükdür. Lakin çoxsaylı xalqların yaşadığı Azərbaycanda mövcud olan birgəyaşayış, dostluq, qardaşlıq ənənəsi dözümlülükdən daha çox xoşgörüyə, sevgiyə əsaslanır. Vurğulanıb ki, bu ənənələrin yaşadılmasında və inkişafında Nic qəsəbəsində fəaliyyət göstərən Alban-Udi Xristian dini icmasının da rolu böyükdür. Çıxışının sonunda R.Qurbanov Mənəvi Dəyərlərin Təbliği Fondu adından icmaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya bilib. Kiçik, amma dini baxımdan zəngin udi xristian icması Alban apostol kilsəsinin varisidir. Robert Mobili digər dini icmalar kimi, Alban-Udi Xristian dini icmasının da dövlətin diqqət və qayğısını daim hiss etdiyini vurğulayıb və tədbirin təşkilinə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını bildirib.
Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova bildirib ki, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tolerantlıq, multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Ölkəmizdə bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan dövləti ölkəmizdə yaşayan müxtəlif xalqların dilinin qorunması istiqamətində də işlər görür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev ölkəmizdə heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələrin, çəkişmələrin, digər xoşagəlməz halların olmadığını diqqətə çatdırıb.
Konfransda çıxış edən Belarus-Azərbaycan İcmaları Konqresinin üzvü, Dünya Azərbaycanlılarının III Qurultayının nümayəndəsi Roman Quqasari, Oğuz şəhəri Alban-Udi Xristian dini icmasının sədri Svetlana Ağababayeva, Nic qəsəbəsi Ağsaqqallar Şurasının sədri Frans Vartanov Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşıldığını bildiriblər.
Qəsəbə sakini Əhməd Məmmədli Nic qəsəbəsi və burada yaşayan udilərin tarixi barədə yazdığı şeiri səsləndirib.
Konfrans müzakirələrlə davam edib.

Regionlar 2019-07-19 14:24:00