×
A
A
A
Sazlamalar

İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb

Qazax, 19 iyul, Rauf Hacıyev, AZƏRTAC

“Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb.
Həmin məktəbin istismara yararsız olması nəzərə alınaraq Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanılıb.
İş icraçısı Əhməd Rəhimov bildirib ki, artıq məktəbdə söküntü işləri yekunlaşmaq üzrədir. Görülməsi nəzərdə tutulan işlər haqda məlumat verən iş icraçısı bütün işlərin layihə üzrə həyata keçiriləcəyini qeyd edib.
Məktəbin direktoru Samir Hüseynov müəllim və şagird kollektivi adından ölkə başçısına və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı təmirinə görə minnətdarlığını bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin, istərsə də şagirdlərin böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyib.
Məktəb direktoru təmir müddətində şagirdlərin məktəbin yaxınlığında yerləşən digər yardımçı binada təhsillərini davam etdirəcəklərini deyib.

Regionlar 2019-07-19 13:44:00