×
A
A
A
Sazlamalar

Şəki regional miqrasiya idarəsində altı ayın yekunları müzakirə edilib

Bakı, 19 iyul, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyevin rəhbərliyi ilə keçirilən regional miqrasiya idarələrinin növbəti hesabat tədbiri Şəkidə təşkil olunub.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə bu ilin altı ayında görülən işlər və qarşıda duran vəzifələrə nəzər salınıb.
Tədbirdə çıxış edən Xidmət rəisinin I müavini miqrasiya sahəsində əldə olunan nailiyyətləri ölkəmizin tərəqqisi baxımından vacib amil kimi qiymətləndirib. Bildirib ki, ötən dövrdə də DMX fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunun aliliyi, humanizm prinsipləri əsasında həyata keçirib. Xidmət rəisi tərəfindən qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib.
Şəki, Gəncə, Yevlax regional miqrasiya idarələrinin rəhbərləri, eləcə də Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin idarə rəisləri və əməkdaşları məruzə ilə çıxış ediblər. Bildirilib ki, 2019-cu ilin birinci yarımilində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı adıçəkilən idarələrdə ümumilikdə 36 min 271 müraciət qeydə alınıb.
Altı ayda idarələrə (Şəki, Gəncə və Yevlax regional miqrasiya idarələri) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə 5 min 934 müraciət daxil olub.
Birinci yarımildə ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar idarələr tərəfindən 1232 qərar qəbul edilib. 1188 əcnəbinin ölkədə yaşaması leqallaşdırılıb. Qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 79 əcnəbi aşkar edilərək barələrində inzibati qərar qəbul edilib.
Hesabat dövründə, həmçinin 9 maarifləndirmə tədbiri, 8 səyyar xidmət təşkil edilib. Səyyar xidmətlərdən ümumilikdə 234 nəfər yararlanıb.
Tədbirin sonunda Vəli Nağıyev regional miqrasiya idarələrinin nümayəndələrinə bundan sonra da işlərin ən müasir səviyyədə təşkili üçün tapşırıq və tövsiyələrini verib.

Sosial 2019-07-19 13:21:00