×
A
A
A
Sazlamalar

Rəsədxanada astroseminar: Elementar zərrəciklərin standart modeli və kosmologiya

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin aparıcı elmi işçisi Bala Əli Rəcəbovun “Elementar zərrəciklərin standart modeli və kosmologiya” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi elementar zərrəciklər və onların qarşılıqlı təsiri haqqında müasir təsəvvürlər barədə məlumat verib.
Seminar icmal xarakterli olduğundan elementar zərrəciklərin standart modeli üzrə müxtəlif məsələlər (atomun və onun nüvəsinin quruluşu təsəvvürlərin inkişafı, elementar zərrəciklərin təsnifatı və kəşf olunma tarixləri, SU(2) və SU(3) simmetriyalar və onların spontan pozulması və s.) haqqında danışılıb.
Tədbirdə diqqətə çatdırılan məsələlərin kosmologiyanın müasir problemləri ilə əlaqəsinə də yer ayrılıb.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Elm və təhsil 2019-07-19 12:38:00