Pol Makkartni müzikl üzərində çalışır
Bakı, 19 iyul, AZƏRTAC
Əfsanəvi “The Beatles” rok-qrupunun keçmiş üzvü Pol Makkartni öz karyerasında ilk dəfə “Bu gözəl həyat” adlı müzikl üzərində işləyir. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, musiqiçi bu barədə iyulun 18-də özünün rəsmi internet səhifəsində yazıb.
P.Makkartninin sözlərinə görə, o, kinematoqrafiya tarixində ən əlamətdar ekran əsərlərindən birinin - rejissor Frenk Kapranın “Bu gözəl həyat” filminin (1946) səhnədə musiqili variantı üzərində çalışır. Müzikldə söhbət uydurma Bedford Folls şəhərində yaşayan Corc Beyli adlı kredit şirkəti sahibindən gedir. Dürüst və mehriban insan, gözəl ailə başçısı Beyli gözlənilmədən üzləşdiyi müsibətlər qarşısında aciz qaldığı üçün intihar etmək barədə düşünür.
P.Makkartni bu əsəri səhnələşdirmək üçün həmyerlisi, teatr və kino impressariosu Bill Kenrayt ilə əməkdaşlıq edir. Sabiq bitl təkcə musiqi yaratmır, həm də ssenariçi Li Holla birlikdə müziklin mahnıları üçün mətnlər yazır.
P.Makkartni deyib: “Buna bənzər bütün layihələr kimi, hər şey elektron məktubdan başladı. Bill soruşdu ki, müzikl üzərində işləməyə necə baxıram. Müzikl yazmaq heç vaxt məni cəlb etməyib. Lakin Bill ilə görüşəndən və Li ilə danışandan sonra düşündüm ki, bu, maraqlı və ürəkaçan iş ola bilər. Axı “Bu gözəl həyat” özünün həyat çarpışmaları ilə birlikdə hamımıza yaxın olan bir süjetdir”.
Makkartninin məlumatında deyilir: “Filmin ekranlara çıxmasından təqribən 70 il ötür. Amma bu əhvalat əvvəlki kimi, hətta bəlkə əvvəlkindən daha aktualdır, çünki bizə ailəmizin, dostlarımızın qədrini, həyatımızın dəyərini bilməyi öyrədir”.
Müziklin premyerası 2020-ci ilin sonunda olacaq.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir