×
A
A
A
Sazlamalar

Ərbildə türkiyəli diplomatı qətlə yetirənlərdən biri axtarışda olan cinayətkardır

Ankara, 19 iyul, AZƏRTAC
Türkiyənin İraqın Ərbil şəhərindəki Baş konsulluğunda xidmət edən 38 yaşlı diplomat Osman Köse və iki iraqlını qətlə yetirən cinayətkar dəstə üzvlərindən biri Mazlum Dağ adlı şəxsdir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələri cinayətkar dəstənin axtarışını davam etdirir. İlkin araşdırma zamanı müəyyən olunub ki, qətlin birbaşa iştirakçılarından olan M.Dağ Türkiyənin Diyarbəkir bölgəsində doğulub və hazırda orada pasport qeydiyyatındadır. Onun axtarışda olduğu bildirilir. Hələlik axtarışın səbəbi barədə rəsmi açıqlama olmasa da, Mazlum Dağın PKK terrorçusu olması şübhə doğurmur.
Qeyd edək ki, Osman Köse iyulun 17-də Ərbildə yemək vaxtı silahlı şəxslər tərəfindən iki iraqlı ilə birlikdə qətlə yetirilib. İlkin məlumata görə, planlı şəkildə həyata keçirilən qətldə 4 nəfər iştirak edib. İraq hökumətinin açıqlamasına görə, cinayətkarların tapılması üçün əməliyyat-axtarış işləri davam edir. Türkiyə və İraq tərəfləri qətlin terror aktı olduğunu bildiriblər.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-19 12:19:00