×
A
A
A
Sazlamalar

Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb

Naxçıvan, 19 iyul, AZƏRTAC

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 554 milyon 459 min 600 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vəsait qoyuluşlarının 535 milyon 772 min 100 manatı və ya 96,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da bir il öncəki göstəricidən 2,7 faiz çoxdur.
2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 72 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 160 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ilin ilk altı ayında 2 kənd mərkəzi istifadəyə verilib, 11 kənd mərkəzinin inşası davam etdirilir.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 5 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində Gənclər Yaşayış Kompleksinin tikintisi davam etdirilir.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 236 min 151 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da bir il öncəki göstəricidən çoxdur.

Regionlar 2019-07-19 13:00:00