×
A
A
A
Sazlamalar

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Bakı, 19 iyul, AZƏRTAC 

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 5-də “Xaş-xaş 2019” şərti ad altında keçirilmiş kompleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sahədən ümumi çəkisi 2 ton 680 kiloqram olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə bir hektar sahədən 2 ton 376 kiloqram olan çətənə kolları aşkar olunaraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayəndələrinin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib.
İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketdə qablaşdırılmış 935 qram marixuana və 1025 qram heroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar.
İyulun 8-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycan Respublikasına gələn İran vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hossein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metamfetamin, psixotrop dərman olan 10 həb “Metadon”, 10 həb “Tramadol” aşkarlanaraq götürülüb.
İyulun 15-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakinləri 1992-ci il təvəllüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram heroin aşkarlanıb.
Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-07-19 11:48:00