×
A
A
A
Sazlamalar

Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub

Şamaxı, 19 iyul, AZƏRTAC 

Vergilər Nazirliyi Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihənin təqdimatını keçirib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, Şamaxı, Ağsu və Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri, rayonlardakı qəsəbə, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafından, pilot layihənin şəffaflığın təmin olunmasındakı əhəmiyyətindən danışıb.
Vergilər nazirinin müavini Sahib Ələkbərov kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasını zəruri edən səbəblər, bu sahədəki real vəziyyət, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı, eləcə də vacib məsələlər barədə məlumat verib.
Qeyd olunub ki, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır. Digər tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir.
Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur ki, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. Cari ildən etibarən bu azadolunmanın müddəti daha 5 il uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər.
O da qeyd olunub ki, layihə çərçivəsində aparılacaq işlər yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda satış üçün məhsul istehsalını əhatə edir və fərdi həyətyanı torpaq sahələrində istehsal olunan məhsullar buraya aid deyil. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota alınmadıqda, onlar gələcəkdə layiqli pensiya təminatı ala bilməyəcəklər.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qaneedici hesab oluna bilməz və müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birgə layihə hazırlanıb və bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.
Tədbir iştirakçılarına görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumatlar verilib, vergi orqanlarına aidiyyəti dövlət orqanlarının yerli qurumları, qəsəbə, kənd icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə işləmək tövsiyə olunub.

Regionlar 2019-07-19 11:20:00