×
A
A
A
Sazlamalar

Məktəblərə direktor vəzifəsinə işə qəbul üzrə üç minə yaxın namizəd elektron qeydiyyatdan keçib

Bakı, 19 iyul, AZƏRTAC

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3 minə yaxın namizəd elektron qeydiyyatdan keçib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, elektron qeydiyyat bu gün başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə edilməsi ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.

Elm və təhsil 2019-07-19 11:17:00