×
A
A
A
Sazlamalar

Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər

Bakı, 19 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov İtaliyanın Bolonya Universitetinin şöbə müdiri, professor Françesko Naccarellan və tibbi-genetika üzrə mütəxəssis, İran İslam Respublikasını təmsil edən Siamak Saberi ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Rəyasət Heyətinin binasında keçirilən görüşdə İtaliya və Azərbaycan alimləri arasında onkologiya, tibbi genetika və kardiologiya sahələrində mövcud elmi əlaqələr, birgə proqramlar barədə müzakirələr aparılıb, müştərək multidissiplinar layihələrin hazırlanaraq mövcud müsabiqələrə təqdim edilməsi qərara alınıb.
Əhliman Əmiraslanov əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zamanın tələbi olduğunu vurğulayıb, birgə layihələrin hazırlanması üzrə işçi qruplarının yaradılması ilə bağlı tapşırıqlar verib.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, AMEA-nın müxbir üzvləri - Nuru Bayramov, Zeynal Əkpərov, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev iştirak ediblər.

Elm və təhsil 2019-07-19 10:44:00