×
A
A
A
Sazlamalar

Muxtar respublikada əkinəyararlı torpaq sahələrinin su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

Naxçıvan, 18 iyul, AZƏRTAC

Muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlara 291,4 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 160 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 134 min 716 hektar torpaq sahəsi su ilə təmin olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda komitənin sədri Əsgər Əsgərov məruzə ilə çıxış edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq üçün cari ilin birinci yarısında meliorasiya və irriqasiya tədbirlərinin miqyası artırılıb, istismar, təmir və tikinti işləri həyata keçirilib. Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Bu tədbirlərin davamı olaraq Yurdçu kəndi ərazisində 76 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.
“Bəhs olunan dövrdə torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması və torpaqların suvarılmasının səmərəliliyinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilib”, – deyən Əsgər Əsgərov rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verildiyini qeyd edib.
Əsgər Əsgərov deyib: “Kanal və arxların sukeçirmə qabiliyyətini artırmaq, su itkilərini aradan qaldırmaq üçün davamlı olaraq lildən təmizləmə işləri yerinə yetirilib, təmir-bərpa və tikinti işləri görülüb.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə arxlarda yenidənqurma işləri aparılıb, yeni arxlar qazılıb istifadəyə verilib. Şahbuz rayonunun Türkeş kəndi ərazisində 400 metr, Ordubad rayonunun Dəstə kəndində isə 200 metr yeni arx çəkilib, Aza kənd arxının 150 metr hissəsinin yeri dəyişdirilib.
Bu gün muxtar respublikanın şəhər və rayonlarında 336 kəhriz istismar olunmaqdadır. Ötən dövrdə kəhrizlərin təmir-bərpası diqqət mərkəzində saxlanılıb, 7 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə iş davam etdirilib”.
Diqqətə çatdırılıb ki, 2019-cu ilin 6 ayı ərzində Maşın-Mexanizmlərin və Hidrotexniki Qurğuların Təmiri və Texniki Nəzarət İdarəsinin təmir sexlərində təmirə ehtiyacı olan müxtəlif markalı 5 avtomaşın, 1 avtokran, 2 ekskavator, 2 buldozer, 1 qazma aqreqatı, 1 mancanaq, 2 əks-klapan, 5 elektrik mühərriki, 20 su sayğacı, 2 nasos, 106 müxtəlifadlı nasos hissəsi təmir edilib, 585 yeni nasos hissəsi hazırlanıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində bir sıra işlər görülüb.
Məruzə ətrafında çıxışlar olub.

Regionlar 2019-07-18 19:12:00