×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Bakı, 18 iyul, AZƏRTAC 

İyulun 18-də Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında bu ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının hərtərəfli inkişafı təmin edilib, məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulub, şəffaflıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Dövlət Miqrasiya Xidməti də fəaliyyətini dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun şəkildə davam etdirib.
Xidmət rəisi cari ilin altı ayı ərzində görülən işləri və statistik məlumatları açıqlayıb. Qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin altı ayında ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0,4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə edilir. Hesabat dövründə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayı 34 faiz azalıb. Xidmət tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsində vətəndaş müraciətlərinin sayı 8 faiz azalıb. Hesabat dövründə “Çağrı mərkəzi”nə daxil olmuş zənglərin sayı isə 53 min 303 olub.
Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında 75 nəfər Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib. Azərbaycanda daimi yaşamaq üçün icazə almaq məqsədilə müraciət edənlər əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrin vətəndaşları olublar. Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347-si Gürcüstan, 225-i Rusiya, 95-i Türkiyə, 43-ü isə Ukrayna və İran vətəndaşları olublar.
V.Hüseynov qeyd edib ki, 2014-cü ilin sentyabrında Avropa İttifaqı ilə “Readmissiya haqqında” Saziş imzalanıb. Həmin dövrdən indiyədək ölkəmizə 1211 nəfər readmissiya edilib. Bu insanlar deportasiya olunan deyil, Avropa ölkələrinə gedən və orada yaşamaq, işləmək üçün müraciət edən şəxslərdir. Həmin şəxslərin müraciətlərinə rəsmi orqanlar tərəfindən müsbət cavab verilmir və yaxud onlar uzun müddət orada sənədsiz yaşayanlardır. Bəzən insanlarda elə fikir yaradılır ki, siz çox asanlıqla hansısa xarici ölkəyə gedə bilərsiniz və orada yaşamaq üçün şərait yaradılacaq. İnsanlar da bəzi hallarda hətta əmlaklarını da sataraq həmin şəxslərin dələduzluq əməllərinin qurbanı olurlar. Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən edilir.
“Sığınacaq almaq çox mürəkkəb bir prosesdir. Biz özümüz də bunu həyata keçiririk. Yəni, burada bir sıra müsahibələr həyata keçirilir. Baxılma müddəti kifayət qədər uzundur. Ona görə də insanlar bu proseslər barədə məlumatlı olmalıdırlar. Artıq həmin şəxslər Avropa ölkələrindən geri qaytarılıblar. Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq işlər görür. Bu məsələlərlə bağlı çalışırıq ki, məlumatlı olaq və insanlara kömək göstərək”, - deyə Xidmət rəisi bildirib.
Qeyd edilib ki, cari il Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçuları ilə komplektləşdirilməsi baxımından da dinamik bir dövr olub. Bu ili biz xidmət daxilində təlim-tədris ili elan etmişik. Bu yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması üçün mümkün qədər səy göstərək. Bunun üçün həm əməkdaşlar, həm də kənardan cəlb edilən mütəxəssislər tərəfindən yüzlərlə təlim keçiririk. Bizim 2018-ci ildə elan etdiyimiz müsabiqənin nəticələri bu ilin birinci yarısında yekunlaşıb və nəticədə 50-yə yaxın şəxs Dövlət Miqrasiya Xidmətində qulluğa qəbul edilib. Hazırda kiçik rütbə üçün nəzərdə tutulan vəzifələrə müsahibə elan etmişik və bu prosesdə iştirak üçün 200-dən artıq şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda bu şəxslərin seçilməsi və müvafiq tədbirlər həyata keçirilir.
“DMX növbəti altı ayda da fəaliyyətini eyni templə davam etdirəcək. Biz həm qanunsuz miqrasiyanın və miqrasiya proseslərinin mənfi təsirlərinin qarşısının alınması və miqrasiya idarəçiliyinin əcnəbilərin rahatlığına minimum təsir etməsi yanaşmasını əsas tutmuşuq. Dövlətimizin başçısının qarşımızda qoyduğu vəzifələri, tövsiyələri, tapşırıqları əsas götürərək fəaliyyətimizi davam etdiririk. Hazırda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni layihələr, təşəbbüslər üzərində işləyirik. Artıq Azərbaycan Respublikasının Miqrasiya üzrə Milli Strategiyasının layihəsi yekunlaşmaq üzrədir. Müvafiq aidiyyəti qurumlarla razılaşdırmalar aparılır. Yəqin ki, bu proses bitdikdən sonra sənəd aidiyyəti üzrə təqdim ediləcək”, - deyə V.Hüseynov bildirib.
Sonda Xidmət rəisi media nümayəndələrinin suallarını cavablandırıb.

Sosial 2019-07-18 17:42:00