Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gənc tədqiqatçıların məqaləsi “Clarivate Analytics" platformasında indeksləşdirilmiş jurnalda dərc olunub

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc tədqiqatçılarının həmmüəllifi olduqları elmi məqalə “Thomson Reuters” (“Clarivate Analytics”) elmi məlumat bazasının bir hissəsi olan “Journal PONTE” beynəlxalq elmi nəşrində dərc edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Maliyyə və maliyyə institutları kafedrasının doktorantı, iqtisad üzrə fəlsəfə doktoru Fəxri Mürşüdlünün və Beynəlxalq iqtisadi münasibətlər kafedrasının dissertantı Erkin Dilbazinin həmmüəllifi olduqları məqalə "Qlobal böhran kontekstində keçid iqtisadiyyatlarında xarici banklar: mövcud tendensiyalar, risk profilləri və sistemik sabitlik üzrə təsirin spesifikasiyası" adlanır. Məqalədə empirik məlumatlar əsasında qlobal böhran şəraitində xarici bankların tranzit ölkələrin maliyyə sabitliyinə təsiri öyrənilib. Müəlliflər tərəfindən dünya banklarının kapitalının bu ölkələrə daxil olması, həmçinin sistemli davamlılıq baxımından xarici və yerli bank qruplarının müqayisəli təhlili ilə bağlı hərtərəfli retrospektiv tədqiqat aparılıb. Tədqiqatda keçid iqtisadiyyatlı ölkələrin timsalında iqtisadi böhranlar dövründə xarici bankların yerli özəl banklarla müqayisədə daha çox ödəmə qabiliyyəti göstərilir, onların arasında defolt və böhran səviyyəsində olan fərqlər müəyyən edilir. Əldə edilən nəticələr Mərkəzi və Şərqi Avropa və postsovet məkanı dövlətlərinin bank sektorunda əvvəlki canlanma və böhranlar zamanı sistemli riskin formalaşmasına əmlakın təsirinin daha dərin anlaşılmasına imkan yaradır. Aparılmış təhlil əsasında transsərhəd maliyyələşdirmənin və sistemli risk kanallarının mühüm qanunauyğunluqları aşkar edilib. Bu, bank biznesinin tənzimlənməsi və idarə edilməsi məqsədi üçün keçid iqtisadiyyatlı ölkələrdəki xarici bankların mövcudluğunun gələcək faydalarını və risklərini düzgün proqnozlaşdırmağa imkan verir.

Elm və təhsil 2019-07-18 17:29:00