×
A
A
A
Sazlamalar

“Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsinə dair müzakirələr aparılıb

Bakı, 18 iyul, AZƏRTAC

Asiya İnkişaf Bankı (AİB), Energetika Nazirliyi, “Təmiz Şəhər” ASC, “Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC-nin, Sabunçu Rayon İcra Hakimiyyəti, bələdiyyələr və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə “Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsinin müzakirəsi keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin ətraf mühitə təsirinin ilkin qiymətləndirilməsi ilə əlaqədar keçirilən müzakirədə Böyükşor gölü üzərində üzən günəş enerji sisteminin reallaşdırılması çərçivəsində görülən işlər, üzən günəş panelləri və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar verilib, rəy və təkliflər dinlənilib. Bildirilib ki, günəş fotovoltaik texnologiyaları üzrə bu ilk layihə bu sahədə bilik və bacarıqları formalaşdırmaqla ölkənin ümumi enerji istehsalında müxtəlif bərpaolunan enerji mənbələrinin rolunu artırmağa, enerji təhlükəsizliyinin təminatına və ətraf mühitə atılan istixana qazlarının miqdarını azaltmağa töhfə verəcək. Qeyd olunub ki, pilot layihənin bütün infrastruktur elementlərinin ətraf mühit baxımdan təsirləri AİB-in Təhlükəsizlik Siyasətinin Maddələrinin tələblərinə uyğun qiymətləndirilib. Bu qiymətləndirməyə görə, layihənin ətraf mühitə heç bir mənfi təsiri olmayacaq. Ətraf mühit baxımdan layihənin həyata keçirilməsini təmin etmək üçün institusional hüquqi baza işlənib hazırlanıb. Ətraf Mühitin Monitorinq Planına uyğun olaraq bütün tikinti və istismar fəaliyyətinin monitorinqi aparılacaq. Eyni zamanda, layihənin enerji təchizatının yaxşılaşdırılması və yerli əhalinin işlə təminatı kimi sosial-iqtisadi faydaları da diqqətə çatdırılıb.
Qeyd edək ki, 100 kVt gücə malik üzən günəş panelinin quraşdırılmasını nəzərdə tutan pilot layihə AİB-in maliyyə dəstəyi ilə məsləhətçi qismində İspaniya şirkəti “EQO-NIXUS” və yerli Azərbaycan şirkəti “AEEK” MMC tərəfindən icra olunur. Layihənin icra qurumu qismində isə Energetika Nazirliyi çıxış edir.
Layihə Azərbaycanla yanaşı, Əfqanıstan və Qırğızıstanda da həyata keçirilir. Layihəyə bu ölkələrdə pilot üzən günəş qurğularının quraşdırılması və daha böyük ölçüdə qurğuların qiymətləndirilməsinin aparılması, özəl sektorun iştirakı üçün biznes modellərinin işlənməsi və üzən günəş fotovoltaik sistemlərinin layihələndirilməsi, tikintisi və istismarı üzrə əlaqədar qurumların potensialının artırılması daxildir.

Energetika 2019-07-18 16:53:00