×
A
A
A
Sazlamalar

Antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlanıb

Bakı, 18 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə Bərdə rayonunda Koroğlu küçəsində fəaliyyət göstərən bağırsaq emalı sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında sexdə monitorinq aparılıb və məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.
Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Bütün emal proseslərinin bir otaqda həyata keçirildiyi, istifadə olunan xammalın sağlamlığını təsdiq edən sənədlərin olmadığı, sexdə çalışan işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Cəmiyyət 2019-07-18 16:49:00