×
A
A
A
Sazlamalar

“Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” monoqrafiyası çapdan çıxıb

Bakı, 18 iyul, AZƏRTAC 

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” monoqrafiyası nəşr edilib.
Kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev, rəyçiləri AMEA-nın müxbir üzvü Akif Musayev və iqtisad elmləri doktoru, professor Kamil Şahbazovdur.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada klasterlərin təşkili və idarə edilməsinin elmi əsasları ümumiləşdirilib, klaster anlayışına dair xarici və respublika alimlərinin yanaşmaları sistemləşdirilib, klasterə müəllifin öz təcrübəsinə uyğun əsaslandırılmış tərif verilib. Bundan əlavə, inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin klasterləşmə təcrübəsi şərh olunub, Azərbaycanda klasterləşmə üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinin nəticələri qiymətləndirilib. Eyni zamanda, ölkəmizdə klasterlərin inkişafı üzrə mövcud normativ hüquqi bazanın möhkəmləndirilməsi, respublikanın iqtisadi rayonlarında, yanacaq-enerji kompleksində, kimya və neft-kimya sahələrində, eləcə də elm və təhsil sferasında klasterləşmənin məqsədəuyğunluğu elmi və praktiki cəhətdən əsaslandırılıb.
Monoqrafiya klasterlərin təşkili və idarə edilməsi ilə məşğul olan rəhbər işçi və mütəxəssislər, elmi işçilər, layihə menecerləri və doktorantlar üçün nəzərdə tutulub.

 

Elm və təhsil 2019-07-18 16:37:00