×
A
A
A
Sazlamalar

Vergilər Nazirliyi “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” formalarını yeni redaksiyada təsdiqləyib

Bakı, 18 iyul, AZƏRTAC
Vergilər Nazirliyi “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) və “İşsizlik sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formalarını, eləcə də həmin hesabat formalarının tərtib olunması qaydalarını yeni redaksiyada təsdiq edib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində müvafiq dəyişikliklər ediləcək və yeni hesabat formaları 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.
Nazirliyin İqtisadi təhlil və uçota nəzarət departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadənin sözlərinə görə, dəyişikliklərin məqsədi vergiödəyiciləri tərəfindən təqdim edilən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın daha da asanlaşdırılmasıdır. Dəyişiklik çərçivəsində məcburi dövlət sosial sığorta sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0100, 0102, 0103, 0110, 0111 kodları birləşdirilərək 0112 kodu ilə, 8102, 8103, 8111 kodları birləşdirilərək 8105 kodu ilə, işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növlərinin 1000, 1001 kodları birləşdirilərək 1100 kodu ilə əvəz edilib. Xüsusi statusa malik təşkilatlar üzrə isə işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növünə 1200 kodu əlavə olunub.

Maliyyə 2019-07-18 16:42:00