×
A
A
A
Sazlamalar

Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib

Bakı, 18 iyul, AZƏRTAC 

İyulun 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, müxtəlif dinlərə mənsub icmaların nümayəndələrinin iştirakı ilə “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib.
DQİDK-dan AZƏRTAC–a verilən məlumata görə, konfransı açan komitənin sədr müavini Gündüz İsmayılov qloballaşan dünyada, informasiya texnologiyalarından istifadənin bütün sahələrdə geniş vüsət aldığı bir dövrdə dini qurumların da bu tendensiyaya qoşulmasının əhəmiyyətindən və vacibliyindən danışıb. O bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dini icmalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması prosesi başda olmaqla bütün digər müraciətlərini elektron formada daha tez və rahat şəkildə həyata keçirə bilərlər.
Komitənin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini qurumlar və müasir informasiya texnologiyaları” mövzusunda təqdimatla çıxış edib. O, internet texnologiyalarının dini sahədə yaratdığı imkanlardan və problemlərdən söz açaraq bildirib ki, bu gün internetdən, sosial şəbəkələrdən istifadənin insan həyatında əhəmiyyəti artdıqca bu imkanlardan sui-istifadə halları da artır. Sosial şəbəkələr, internet insanların həyatında artıq sosial reallıqdır və orada baş verənlər qarşısıalınmaz prosesə çevrilib. O vurğulayıb ki, radikal dini qruplaşmalar, dindən siyasi məqsədləri üçün istifadə edən qeyri-qanuni birliklər öz mənfur ideyalarının, fikirlərinin təbliğatında internet resurslarından və sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər. Bütün bu mənfi halların qarşısının alınması məqsədilə dini qurumların və dini icma nümayəndələrinin öhdəsinə mühüm vəzifə düşdüyünü deyən komitə rəsmisi sözügedən halların qarşısının alınması üçün onları internet resurslarından istifadə etməklə ideoloji mübarizə aparmağa səsləyib.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “İnnovativ məhsul və xidmətlər” mövzusunda təqdimatla çıxış edərək komitənin göstərdiyi elektron xidmətlər barədə məlumat verib. O bildirib ki, komitə göstərdiyi elektron xidmətlərin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər görür, bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edir. Şöbə müdiri DQİDK-nın fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlığın artırılması, fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəçiliyində yüksək peşə etikasının tətbiqi, eləcə də Dövlət Komitəsinin hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiqi barədə məlumat verib. Vurğulayıb ki, komitənin rəsmi saytının (www.scwra.gov.az) “qaynar xətt” bölməsinə, “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki səhifələrinə daxil olan onlarla müraciət operativ formada cavablandırılır, vətəndaşların qısa zamanda müvafiq məsələlərlə bağlı məlumat və cavab almaları təmin edilir. Bütün bu xidmətlər dini qurumların komitəyə etdiyi ayrı-ayrı müraciətlərə baxılması prosesində də tətbiq edilir ki, bu da zaman itkisinin qarşısını alır və daha effektiv nəticələrə gətirib çıxarır.
Daha sonra DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin sektor müdiri Aqşin Əliyev “Açıq Hökumət prinsiplərinin təşkili və korrupsiya ilə mübarizə istiqamətləri” mövzusunda çıxış edib. O, çıxışında Açıq Hökumətin Təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan müddəalar, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycan Respublikasının bu sahədə götürdüyü beynəlxalq öhdəliklər, eləcə də korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi mövzularına yer verib.
Sonra konfransda iştirakçıların sualları cavablandırılıb.

Din 2019-07-18 16:10:00