×
A
A
A
Sazlamalar

Göygöl, Abşeron, Xırdalan və Zərdabda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib

Bakı, 18 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Xırdalan şəhəri, Göygöl, Abşeron və Zərdab rayonlarında həyata keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reydlərdə yerli icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.
Agentlik qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.

Cəmiyyət 2019-07-18 15:41:00