×
A
A
A
Sazlamalar

“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib YENİLƏNİB

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəhbərliyi ilə görüşüb, qurumun fəaliyyəti ilə yaxından tanış olublar. Tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, eləcə də ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov media nümayəndələrini salamlayaraq qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. Fondun təşkilatçılığı ilə artıq ikinci dəfədir ki, aparıcı media rəhbərlərinin komitə rəhbərliyi ilə görüşdüyünü diqqətə çatdıran T.Budaqov belə tədbirlərin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.
Komitə sədri, həmçinin vurğulayıb ki, görüşün təşkilində məqsəd əhalinin siyahıyaalınması prosesi ilə bağlı media nümayəndələrinə və ümumən ictimaiyyətə dolğun informasiya vermək, onları görülmüş və görüləcək işlərlə bağlı geniş məlumatlandırmaqdır: “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, cari il oktyabrın 1-10-da Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Fərmanın icrasının təmini məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli Qərarı ilə Dövlət Statistika Komitəsinə, eləcə də aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. Cari ildə “Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı”na uyğun olaraq, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini, yekunlarının işlənməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində Siyahıyaalma qrupu yaradılıb”.
Tahir Budaqov bildirib ki, prosesin mütərəqqi dünya təcrübəsi əsasında, mükəmməl formada aparılması üçün ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Əhali Fondunun, Uşaq Fondunun, İnkişaf Proqramının, Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Komitə sədri qeyd edib ki, siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək: “Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə altsuallar da daxil olmaqla 46 sual nəzərdə tutulub. Məşğulluq sahəsində milli qanunvericiliyə və Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq sorğu vərəqəsinə işçi qüvvəsini, həmçinin potensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, o cümlədən özünüməşğulluğunu, işsizliyini, iqtisadi qeyri-fəallığını və öz şəxsi istehlakı üçün mal istehsalı ilə məşğul olanları müəyyən edən bir sıra suallar daxil olunub. Bu suallar əsasında iqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək”.
O vurğulayıb ki, əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq: “Əhalinin siyahıyaalınmasının məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi, işlənməsi və yekunların əldə edilməsi məqsədi ilə məsələ qoyuluşu, çıxış cədvəllərinin nümunələri, kodlaşdırma soraqçaları və siyahıyaalma ilə bağlı müvafiq proqram təminatı hazırlanıb”.
T.Budaqov deyib ki, əhalinin siyahıyaalınması ilə bağlı ictimaiyyətin əhalinin məlumatlandırılması məqsədilə təşviqat materialları (baner, plakat və videoçarxlar) hazırlanıb. Plakat və banerlərin yerləşdirilməsi üçün yerli icra hakimiyyətlərinə müraciət edilib və onların dislokasiyası müəyyən edilib: “Hazırlanmış videoçarxlar televiziya kanallarında və aparıcı elektron media vasitələrində, eyni zamanda Bakı Metropoliteninə və Dövlət Reklam Agentliyinə məxsus monitorlarda yayımlanır. Dövlət Statistika Komitəsi mütəxəssislərinin əhalinin siyahıyaalınmasına aid müxtəlif mövzularda məqalələri “Xalq qəzeti”ndə dərc edilib”.
Komitə sədrinin sözlərinə görə, proses başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə məlumatların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək: “Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuələrin nəşrə hazırlanması 2021-ci ildə, siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması isə 2022-ci ilin birinci yarısında nəzərdə tutulub”.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin, o cümlədən fərdi jurnalist yazıları müsabiqələrinin təşkilinin fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, Dövlət Statistika Komitəsində təşkil olunmuş sayca ikinci görüş KİV-lərlə komitə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, ictimaiyyətin əhalinin siyahıyaalınması prosesi ilə bağlı görüləcək işlər barədə dolğun şəkildə məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.
V.Səfərli deyib ki, əhalinin siyahıyaalınması hər bir ölkənin sosial-iqtisadi inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi və bir sıra problemlərin həlli baxımından vacib əhəmiyyət kəsb edən prosesdir. İcraçı direktor əhalinin siyahıyaalınması prosesinin mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılması və əhalinin maarifləndirilməsi baxımından KİV-lərin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirərək jurnalistləri bu məsələyə həssaslıqla yanaşmağa çağırıb.
Bildirib ki, prosesin ayrı-ayrı mərhələləri barədə ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması və peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədilə KİVDF-nin və Dövlət Statistika Komitəsinin birgə təşkilatçılığı ilə iyulun 22-dən oktyabrın 22-dək “Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Burada məqsəd həm də əhalinin növbəti siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, prosesin sosial-iqtisadi əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaq və təşviqat işlərini stimullaşdırmaqdır.
Daha sonra görüş diskussiya formatında davam etdirilib, komitə sədri media rəhbərlərini maraqlandıran sualları ətraflı cavablandırıb.
Fondun icraçı direktoru V.Səfərli görüşün və birgə müsabiqənin təşkilinə verdiyi dəstəyə görə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova təşəkkürünü bildirib.
T.Budaqov öz növbəsində KİVDF-nin rəhbərliyinə və media nümayəndələrinə minnətdarlığını bildirərək belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.

İqtisadiyyat 2019-07-18 15:26:00