×
A
A
A
Sazlamalar

Belarusda görkəmli sovet diplomatı Qromıkonun 110 illik yubileyi qeyd olunub

Bakı, 18 iyul, AZƏRTAC 

Görkəmli sovet diplomatı, uzun illər SSRİ-nin Xarici İşlər naziri işləmiş Andrey Qromıkonun 110 illik yubileyi onun anadan olduğu Belarusun Qomel vilayətində qeyd olunub. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, yubiley proqramı çərçivəsində Qomel və Vetkada təntənəli mərasimlər, Rumyantsevlərin və Patskeviçlərin malikanəsindəki Ağ zalda sovet diplomatiyası patriarxının həyat və fəaliyyətindən bəhs edilən görüşlər, onun adını daşıyan orta məktəbdə tematik ekspozisiyanın açılışı keçirilib. Qromıko adına Xiyabanda təşkil olunmuş mərasimdə alimlər və diplomatlar çıxış ediblər. Onun “10 illik danışıqlar prosesi 1 günlük müharibədən daha yaxşıdır” kəlamı xatırladılıb. Qeyd olunub ki, yenilməz iradəsi və dəyişməz mövqeyinə görə amerikalılar və avropalılar Qromıkonu “Mister Yox” adlandırırdılar.
Qomel ictimaiyyətinin nümayəndələri görkəmli diplomatın büstünün önünə çiçək dəstələri qoyub, onun xatirəsini yad ediblər.
Andrey Qromıko 1909-cu il iyulun 18-də Mogilyov quberniyasının Qomel uyezdində anadan olub. O, 28 il SSRİ-nin Xarici İşlər naziri vəzifəsini tutub, Sov.İKP MK Siyasi Bürosunun üzvü olub. 1985-1988-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. Görkəmli diplomat 1989-cu il iyulun 2-də vəfat edib.

Dünya 2019-07-18 14:57:00