Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyindən qeydlər

Bakı, 18 iyul, AZƏRTAC
Mədəniyyət nazirinin əmri ilə Akademik Dövlət Musiqili Teatrın səhnəsində Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
Cavid İmamverdiyevin quruluş verdiyi tədbirin ssenarisi Qasım Səfəroğluna məxsus idi. Tədbir maraqlı düşünülmüş, yubilyar həmişə biz gördüyümüz kimi, ənənəvi olaraq, kresloda əyləşib, səhnədə baş verənləri izləmirdi. Əksinə, yubilyar özü həm aparıcı, həm iştirakçı, həm də müğənni kimi məharətlə tamaşaçı qarşısında çıxış edir, dialoqa girirdi. Tamaşaçı həmişə səhnədə görməyə adət etdiyi İlham Namiq Kamalı yenə izləyir və unudurdu ki,70 yaşlı aktyor özü-öz yubiley tədbirinin aparıcısıdır. Tədbir “Qaynana” filmində məşhur mahnının sözlərinin dəyişdirilmiş versiyası ilə tamaşaçıları salamlamaqla başladı. Səhnədə baş verənləri seyr etdikcə az qala vaxtı ilə mərhum yumor yazarımız Rüfət Əhmədzadədən yazdığı, aktyorumuzun ifa etdiyi “Bu mənəm, mən deyiləm” monoloqu yada düşürdü. Tədbir boyunca ekranda İlham Namiq Kamalın ifa etdiyi bu günə qədər hamımızın sevə-sevə izlədiyi Haldoninin “Mehmanxana sahibəsi”də Markiz, A.Məmmədovun “Kişilər”də Ağbacı, Anarın “Evləri göydələn yar”da Canik, F.Sücətdinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında İbad İbadoviç, R.Əlizadənin “Dadaşbala əməliyyatı”da Dadaşbala, Elçinin “Mənim ərim dəlidir”də Kişi, Opera Balet Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan”da Soltan bəy (tərəf müqabili Əməkdar artist Gülüstan Əliyeva Cahan xala) tamaşalarından fraqmentlər ifa və nümayiş olundu. Gecədə eyni zamanda məşhur “Qaynana” kinofilmində Qaynana rolunun mahir ifaçısı Nəsibə xanım Zeynalovanın ekrandakı obrazı ilə aktyorun canlı dialoqu tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Tədbirdə Akademik Milli Dram Teatrından Xalq artistləri Rafiq Əzimovla, Hacı İsmayılovun, Əməkdar artist Əkbər Əlizadənin, yubilyarın qardaşı, Xalq artisti Cəfər Namiq Kamalın təbrikləri, Xalq artisti Azər Zeynalovun ifası tədbirə rəng qatdı.
Quruluşçu rejissor ssenari müəllifi ilə birgə O.Rəcəbovun “Məni bu qızlar qocaltdı” və tədbirin sonunda Amerika müğənnisi Frenk Sinatorun dünyaca məşhur “Mu Way” mahnısına Azərbaycan dilində yazılmış versiyası və digər mahnılar yubilyarın öz ifalarında oxundu və rəqslə tamamlandı. Yubilyarın qızlarla oxuyub, oynadığı mahnını monitorda (ekranda) fotolar müşayiət edirdi. Yubilyar öz uşaqlıq rəsmi ilə dialoqa girib, tamaşaçını maraqlandıran suallara ətraflı cavablar verirdi. Yubiley tədbirinin necə başlayıb, necə bitməsini tamaşaçı hiss etmədi. Tədbirdə maraqlı ifalar və rəqslər tamaşaçını darıxmağa qoymadı. Ən əsası da, qeyd etdiyimiz kimi, tədbirin əvvəlindən sonuna qədər yubilyar, 70 yaşlı “həmişə cavan” sənətkarımız tamaşaçıların gözü qarşısında oldu.
Mənə elə gəlir ki, yubiley tədbiri belə olmalıdır. Keçən əsrin 50-ci illərinin ənənəvi yubiley tədbirlərindən qaçmalı, yubileyi həm tamaşaçı üçün, həm də yubilyar üçün əsl bayrama çevirmək lazımdır.
Çingiz Ələsgərli
teatrşünas, dramaturq

Mədəniyyət 2019-07-18 14:42:00