×
A
A
A
Sazlamalar

Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Qubada keçirilib

Quba, 18 iyul, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Qubada keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda ombudsman Elmira Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixi barədə məlumat verib. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqada keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə məlumat verib. Bildirilib ki, Qahirə konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilib. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir.
Qahirə konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunan ombudsman vurğulayıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi, kiçik və orta biznesin yaradılması, qadınların özünüməşğulluq proqramlarına cəlb olunması, onların imkanlarının genişləndirilməsi nəticəsində onlara qarşı iqtisadi istismar və zorakılıq hallarının azaldığı müşahidə olunur.
Ombudsman bildirib ki, 30 ilə yaxın davam edən erməni təcavüzü nəticəsində zəbt olunmuş torpaqlarımız və bir milyondan çox qaçqın və məcburi köçkünümüz olsa da, ölkədəki sabitlik və inkişaf nəticəsində Azərbaycan beynəlxalq miqyasda bir çox göstəriciyə görə nəinki regionda, MDB-də, hətta dünya ölkələri sırasında qabaqcıl yerdədir.
E.Süleymanova qeyd edib ki, Konstitusiyamızın 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir.
Müvəkkil insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə də ətraflı məlumat verib.
Milli Məclisin deputatı Vahid Əhmədov ölkəmizdə əhalinin sağlamlığının qorunması, demoqrafik inkişaf, aparılan islahatlar, insanların rifahının yaxşılaşmasına yönəlmiş qanunvericilik bazası və sair barədə məlumat verib. O, həmçinin ombudsmanın insan hüquqları sahəsində fəaliyyətindən, onun təşkil etdiyi silsilə maarifləndirmə tədbirlərindən bəhs edib.
Sonra konfransda müxtəlif rayonların təmsilçilərinin çıxışları və təklifləri dinlənilib.
Çıxışlarda Qahirə konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunulub, keyfiyyətli səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə ölkəmizdə mütəmadi tibbi müayinələrin həyata keçirildiyi vurğulanıb.
Yekunda interaktiv şəkildə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-07-18 14:36:00