×
A
A
A
Sazlamalar

Yardımlının taxıl sahələrində məhsul yığımı davam edir

Yardımlı, 18 iyul, Bağır Əliyev, AZƏRTAC

Kənd təsrrüfatı rayonu olan Yardımlıda əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Bu il rayonda 7 min 700 hektar əkinəyararlı torpaq sahəsinin 5 min 300 hektarı əkilib. Bunun da çox hissəsini taxıl təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə rayonda 3 min 477 hektar sahədə taxıl əkilib. Bunun 3 min 191 hektarı buğda, yerdə qalanı çovdar və arpa sahələridir. Artıq 2200 hektar sahədə taxıl biçini başa çatıb.
Yardımlı taxılçıları əsasən buğdanın “Əzəmət”, “Bərəkətli 95”, “Atilla”, “Muğan” və “Qarabağ” sortlarına üstünlük verirlər. Dəmyə şəraitində yetişdirilən məhsulun yığımına iyunun ortalarından başlanılıb. Yuxarı dağ kəndləri istisna olmaqla, biçin demək olar ki, yekunlaşmaq üzrədir.
Hazırda rayonun aran hissəsinin bir neçə kəndində, eyni zamanda, Cəlilabad rayonu ilə sərhəd olan kəndlərdə biçin aparılır.
Ucqar dağ rayonunda hər il taxıl və un ehtiyatlarını özləri tədarük edən sakinlər bu il də ənənələrinə sadiqdirlər. Rayonun Osnakəran kənd sakini Xəqani Quliyev də əkdiyi taxıl sahəsindən tələbatlarını ödəyəcək məhsulu vaxtında, itkisiz əldə etdiyini deyir.
İki hektar pay torpağında uzun illərdir taxıl və digər bitkilər əkib becərən Ahur kənd sakini Səxavət Dadaşov da həm dövlətin dəstəyindən, həm də builki məhsuldarlıqdan razıdır. Biçin növbəlilik əsasında aparıldığından yığımda heç bir çətinlik yaranmayıb.
Hazırda düzən ərazilərdə işləyən kombaynlar bir neçə günə yüksək dağlıq ərazilərə qalxacaqlar. Kombaynçılar deyir ki, orada biçin aparmaq nisbətən çətin, həm də çox vaxt tələb etsə də, məhsulu gecikdirmədən toplamaq əzmindədirlər.
Rayonda biçin kampaniyasına 20 kombayn, 50-dək taxıldaşıyan və press bağlayan texnika cəlb olunub. Taxılın optimal müddətdə itkisiz yığılması üçün digər rayonlardan da kombaynlar gətirilib.
Yardımlı rayonunun Arvana, Avaş, Perimberl, Şəfəqli, Cerimbel və digər yüksək dağlıq kəndlərində məhsul bir qədər gec yetişdiyi üçün taxıl yığımına təxminən bir həftə sonra başlanılacaq.
Qeyd edək ki, ötən il rayonda taxıl sahələrinin hər hektarından 21 sentner məhsul götürülmüşdüsə, bu il bu göstərici 23-24 sentner təşkil edir.

Regionlar 2019-07-18 14:26:00