×
A
A
A
Sazlamalar

Bərdədə antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb

Bakı, 17 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinə Bərdə rayonunun Mollalı kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında həmin ərazidə monitorinq aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı şikayət öz təsdiqini tapıb.
Qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi məlum olub. Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilmək üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Cəmiyyət 2019-07-17 18:28:00