×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

Bakı, 17 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazisində arıçılığın inkişafına dəstək məqsədilə sahibkarlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin əməkdaşları, Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak iştirak edib.
Tədbirdə arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olması, arıların meşədə saxlanılmasının təkcə arılar üçün deyil, həm də meşə florası üçün əhəmiyyəti barədə çıxışlar edilib, fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və sahibkarların təklifləri dinlənilib.
Görüşdə ölkədə arıçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyi, dövlət meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində arıların qidalanması üçün zəngin bitki örtüyünün olduğu nəzərə alınaraq, heç bir ödəniş olunmadan, müvafiq qeydiyyatdan keçməklə arı ailələrinin yerləşdirilməsi barədə qarşılıqlı razılığa gəlinib.
Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov çıxış edərək nazirliyin arıçılığın inkişafına dəstək verməyə hazır olduğunu deyib. O, arıçılığın inkişafında maraqlı olduqlarını qeyd edib. Bunun üçün ölkəmizin bütün bölgələrində şərait var. Azərbaycanda arıçılığın inkişafı üçün meşə örtüyü də kifayət qədərdir. Arıçılar meşə ərazilərinə ziyan vurmadan arılarını saxlaya bilərlər. Meşə fondu sahələrində aqrobağlar salınır. Hazırda ölkə üzrə 5 mindən artıq hektar ərazidə meyvə bağları salınıb. Sahibkarlar həmin sahələrdən istifadə edə bilərlər. Bu ilin payızında da 10 min hektar aqrobağın salınması nəzərdə tutulur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxış edərək bildirib ki, arıçılıq sahəsində məhsuldarlıq artırılmalı, bu sahənin inkişafı ilə bağlı strategiya olmalıdır. M.Çakmak bildirib ki, FAO bu sahənin inkişaf etdirilməsi üçün dəstək verməyə hazırdır.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov keçirilən görüşdən razı qaldıqlarını, qarşılıqlı müzakirələr aparıldığını və öz təkliflərini verdiklərini bildirib. Assosiasiyanın sədri meşə salınarkən nektar və çiçək tozu verən ağaclara daha çox üstünlük verməyin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, meşələrin salınmasında, qorunmasında nazirliklə birgə çalışmaq önəmlidir. Məqsəd bal potensialını artırmaq, ölkənin balla təminatı ilə yanaşı, ixracını da təşkil etməkdir.

Ekologiya 2019-07-17 17:47:00