×
A
A
A
Sazlamalar

Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir

Kann, 17 iyul, AZƏRTAC

Azərbaycanın dostuyam. Şəhərimizdə təşkil olunmuş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisini çox bəyəndim. Gözəl xalçalar nümayiş olunur. Bu xalçaların hər biri maraqlı və gözəl bir mövzudur. Ənənələrin innovasiya vasitəsilə canlandırılaraq yaşadılması vacibdir. Ənənə hər bir xalqın kimliyindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil olunmuş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin ziyarətçisi Mişel Solal bildirib.
Diqqətə çatdırıb ki, Bakıda Azərbaycan Xalça Muzeyində olub. Muzey haqqında xoş xatirələri var. Nümayiş olunan xalçaların əsrarəngiz naxışları var. Muzeydə Azərbaycan xalçaçılıq sənəti, onun tarixi və adət-ənənələri haqqında ətraflı məlumat verilib.
“Bugünkü sərgi çox maraqlıdır. Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir. Burada Azərbaycan mədəniyyəti haqqında kitablar hədiyyə edildi. Onlar Azərbaycanı, eləcə də onun mədəniyyətini yaxından tanımaq üçün əhəmiyyətlidir. Azərbaycanda olmuşam və yenə gedəcəyəm. Ölkənizi çox sevirəm”, - deyə M. Solal bildirib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kann

Mədəniyyət 2019-07-17 17:38:00