×
A
A
A
Sazlamalar

İtalyan mafiyasının 19 üzvü həbs edilib

Bakı, 17 iyul, AZƏRTAC

ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) və İtaliya polisinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində italyan mafiyasının 19 üzvü həbs edilib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, təhqiqat zamanı Palermodakı Siciliya mafiyası (daha çox Koza Nostra adı ilə tanınır) ilə Amerikadakı mütəşəkkil cinayətkar dəstə arasında ciddi əlaqələr üzə çıxarılıb. ABŞ-dakı mafiyanın başçısı isə Kambino cinayətkar ailəsinin rəhbəri olub.
İtalyan polisindən CNN-ə bildiriblər ki, “Yeni əlaqə” adlanan əməliyyatda Palermo və Nyu-Yorkun 200 polis zabiti iştirak edib. Şübhəlilərin on səkkizi Palermoda, biri isə Nyu-Yorkda həbs edilib. Onlara qarşı mütəşəkkil cinayətkar dəstə yaratmaq, hədə-qorxu ilə pul tələb etmək və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb. İtaliyanın hüquq-mühafizə orqanları tərəfindən 3,36 milyon dollar dəyərində əmlak müsadirə olunub. Təhqiqat zamanı mafiyanın Siciliyadakı digər şəhərdə - Passo Riqanoda əlaqələri də müəyyən edilib. İtaliya polisinin məlumatına görə, mafiya təkcə hədə-qorxu ilə pul tələb etməklə kifayətlənməyib, həmçinin şəhərin qanuni biznesində - ərzaq təminatında və qumarxanaların fəaliyyətində mühüm rol oynayıb.

Dünya 2019-07-17 17:27:00