×
A
A
A
Sazlamalar

Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev yarışlarda iştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib. O deyib ki, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədilə daxili işlər orqanlarının əməkdaşları yarışın keçirildiyi müddətdə gücləndirilmiş iş rejimində çalışacaqlar.
Təhlükəsizliyin təmini məqsədilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yarada bilən cihazlar, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, videoçəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır.
Qeyd edək ki, festivalda atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Sosial 2019-07-17 17:14:00